Əmtəələrin beynəlxalq alqı-satqı müqavilələri haqqında 1980-ci il BMT Konvensiyası
There are no translations available.

Beynəlxalq ticarət dövriyyəsi iştirakçılarının ehtiyaclarının təmin edilməsi üçün istifadə etdiyi müqavilə öhdəliklərinin əsas növü əmtəələrin beynəlxalq alqı-satqısı müqaviləsidir. XX əsrin ortalarından başlayaraq təsərrüfat subyektləri arasında mübadilənin digər formalarının inkişaf etməsinə baxmayaraq, bu müqavilə hələ də dünya iqtisadiyyatı çərçivəsində münasibətlərin tənzimlənməsində öz başlıca rolunu qoruyub saxlayır [6, s. 3].

Alqı-satqı müqaviləsinə tətbiq edilən milli hüquq normalarında bir çox fərqlər mövcuddur. Bu fərqlər dövlətlər arasında müqavilə şərtlərinin hazırlanmasında və onların pozulması zamanı hüquqi nəticələrin müəyyən edilməsində problemlər yaradır. Təbii ki, qeyd edilən problemlər beynəlxalq ticarətin inkişafına mane olan amillərdəndir. Buna görə də, alqı-satqı müqaviləsinin hüquqi tənzimlənməsinin beynəlxalq unifikasiyası zərurəti yaranmışdır [7, s. 5].

Beynəlxalq ticarətin inkişafına mane olan halların aradan qaldırılması məqsədilə bu sahədə XX əsrin ortalarından başlayaraq unifikasiya işi aparılmışdır. XX əsrin 30-cu illərinin əvvəllərində Xüsusi Hüququn Unifikasiyası üzrə Beynəlxalq İnstitut çərçivəsində əmtəələrin alqı-satqı müqaviləsinin bağlanması haqqında və əmtəələrin alqı-satqısı haqqında iki eyni tipli qanun layihəsi hazırlanmışdır. Lakin, sənədlər üzərində iş yalnız 60-cı illərdə başa çatmış və 1964-cü ildə Haaqada keçirilən diplomatiya konfransında iki konvensiya qəbul edilmişdir. Haaqa Konvensiyaları ayrı-ayrı milli hüquq sistemlərinin özünəməxsus xüsusiyyətlərini nəzərə almadığına görə əksər dövlətlər tərəfindən qəbul edilmədi [4, s. 182].

 

Müxtəlif sosial, iqtisadi və hüquqi sistemləri, ayrı – ayrı milli hüquq sistemlərinin özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq əmtəələrin beynəlxalq alqı-satqısına tətbiq edilən vahid qaydaların qəbul edilməsi, beynəlxalq ticarətdə hüquqi maneələrin aradan qaldırılması və beynəlxalq ticarətin inkişaf etdirilməsi məqsədilə “Əmtəələrin Beynəlxalq Alqı-Satqısı Haqqında BMT Konvensiyası qəbul edilmişdir [19].

Əmtəələrin Beynəlxalq Alqı-Satqısı Haqqında BMT Konvensiyası (bundan sonra Vyana Konvensiyası) Beynəlxalq Ticarət Hüququ üzrə BMT Komissiyası (UNCİTRAL) tərəfindən işlənib hazırlanmış və Əmtəələrin Beynəlxalq Alqı-Satqısı Haqqında BMT Konfransında 62 dövlətin nümayəndələrinin iştirakı ilə 1980-ci il aprel ayının 11-də Avstriyanın Vyana şəhərində qəbul edilmişdir. 11 dövlət tərəfindən ratifikasiya edildikdən sonra Vyana Konvensiyası 1 yanvar 1988-ci il tarixində qüvvəyə minmişdir. Vyana Konvensiyası 2013-cü ilin sentyabr ayına qədər olan məlumata görə 80 ölkə tərəfindən ratifikasiya edilmişdir. Konvensiyanı ən son ratifikasiya edən ölkə Bəhreyndir [9].

1980-ci il Vyana Konvensiyasını digər Vyana Konvensiyalarından fərqləndirmək üçün Konvensiyaya CİSG adı da verilir. CİSG Konvensiyanın ingiliscə adının abbreviaturasıdır (United Nations Convention on Contracts for the International Sale of Goods).

Vyana Konvensiyası 101 maddədən və 4 hissədən ibarətdir. Konvensiyanın I hissəsində onun tətbiq sahəsi və ümumi müddəalarından, II hissəsində müqavilənin meydana gəlməsindən, III hissəsində əmtəələrin alqı-satqısı, alıcı və satıcının hüquq və öhdəlikləri, riskin keçməsi, zərərin əvəzinin ödənilməsi, faiz, məsuliyyətdən azad olunma halları, müqaviləyə xitam verilməsi və əmtəələrin saxlanılmasından və IV hissəsində yekun müddəalardan bəhs olunur [8].

Konvensiyanın preambulasında qeyd olunur ki, əmtəələrin beynəlxalq alqı-satqısını tənzimləyən vahid normaların qəbul edilməsi beynəlxalq ticarətdə hüquqi maneələrin aradan qaldırılmasına və beynəlxalq ticarətin inkişafına imkan yaradacaq. Preambulada, eyni zamanda, dövlətlər arasında dostluq münasibətlərinin və beynəlxalq ticarətin inkişaf etməsinin əsası kimi bərabərlik və qarşılıqlı mənfəət prinsipləri təsbit olunmuşdur [5, s. 399].

Vyana Konvensiyasının I hissəsinin I fəsli Konvensiyanın tətbiq sahəsindən bəhs edir. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndinə görə, Konvensiya iş yerləri (Konvensiyanın ingiliscə mətnindəki “places of business” ifadəsi, rusca mətnindəki “коммерческие предприятия” ifadəsi azərbaycan dilinə “iş yerləri” ifadəsi kimi tərcümə olunmuşdur. Konvensiyanın türkcə mətnində də “işyerleri” ifadəsindən istifadə edilmişdir) müxtəlif dövlətlərdə olan tərəflər arasındakı malların alqı-satqısı müqavilələrinə şamil olunur:

-          əgər bu dövlətlər Razılığa Gələn Dövlətlərdisə; və ya

-          əgər beynəlxalq xüsusi hüquq normalarına uyğun olaraq Razılığa Gələn Dövlətin hüququ tətbiq olunmalıdırsa.

Konvensiya, həmçinin, tərəflərdən birinin və ya hər ikisinin iş yerlərinin Razılığa Gələn Dövlətlərdə yerləşmədiyi, amma,  beynəlxalq xüsusi hüquq normalarına uyğun olaraq Razılığa Gələn Dövlətin hüququ tətbiq olunmalı olduğu hallarda da tətbiq olunur.

Burada “iş yerləri” anlayışı mühüm əhəmiyyət kəsb edir. Lakin, Konvensiyada bu anlayışın tərifi verilməmişdir. Bu anlayışın digər dillərdə istifadəsinə, eləcə də, Konvensiyanın digər maddələrinin (10, 24, 31, 42, 69 – cu maddələr) təhlilinə əsasən, bu anlayışın “daimi sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yer” mənasına gəldiyi aydın görünür [10].

Vyana Konvensiyasının 1-ci maddəsinin 2-ci bəndinə görə tərəflərin iş yerlərinin müxtəlif dövlətlərdə olması halı müqavilədən və ya müqavilənin bağlanması zamanı və ya müqavilə bağlanan ana qədər tərəflərin işgüzar münasibətlərindən və ya tərəflər arasında informasiya mübadiləsindən anlaşılmırsa  nəzərə alınmır. Bu bəndin təhlilindən bu nəticəyə gəlmək olar ki, Konvensiyanın tətbiq oluna bilməsi üçün yalnız iş yerlərinin müxtəlif dövlətlərdə olması faktının mövcudluğu kifayət etmir. Subyektiv faktor – müqavilə tərəflərinin bu hal barəsində müqavilənin bağlanması anından gec olmayaraq xəbərdar olması da mühüm əhəmiyyət kəsb edir. Bu xəbərdarlıq ya bilavasitə müqavilədən, ya tərəflərin münasibətlərindən və yaxud da tərəflərin bir-birilərinə məlumat vermələrindən müəyyən oluna bilər. Əgər nəzərdə tutulan anda  tərəflər xəbərdar deyilsə, onda Konvensiya tətbiq oluna bilməz.

Vyana Konvensiyasının 1-ci maddəsinin 3-cü bəndinə görə, Konvensiyanın tətbiq oluna bilməsini müəyyən etdikdə nə tərəflərin vətəndaşlığı, nə də tərəflərin və ya müqavilənin mülki və ya ticarət xarakterinə malik olması nəzərə alınmır. Bu müddəaya görə, Konvensiyanın tətbiq oluna bilməsini müəyyən olunması məqsədi üçün vətəndaşlıq əhəmiyyət kəsb etmir. Beləliklə, xüsusilə qeyd olunur ki, müqavilə tərəflərinin vətəndaşlığının müxtəlifliyi deyil, onların iş yerlərinin müxtəlif dövlətlərdə yerləşməsi halı Konvensiyanın tətbiq oluna bilməsinin müəyyən edilməsi baxımından mühüm rol oynayır.

1-ci maddənin 3-cü bəndində, həmçinin qeyd olunmuşdur ki, Konvensiyanın tətbiq oluna bilməsini müəyyən edərkən tərəflərin mülki və ya ticarət statusuna malik olması diqqətə alınmır. Bu onunla izah olunur ki, bəzi ölkələrdə xüsusi hüququn dualizmi müşahidə olunur. Fransa, Almaniya kimi ölkələrdə münasibətlərin mülki və ya ticarət xarakterinə müvafiq olaraq Mülki və ya Ticarət Məcəlləsi tətbiq olunur. Ayrı-ayrı milli hüquq sistemlərində mövcud olan belə təsnifat Konvensiyanın tətbiq sahəsinin şərhi zamanı ziddiyyətlər meydana çıxmasına səbəb ola bilər. Bu müddəa belə ziddiyyətlərin qarşısını almaq məqsədi daşıyır [10].

Bununla bərabər, Konvensiya şəxsi, ailə, ev istifadəsi üçün malların əldə edilməsi zamanı yaranan münasibətlərə şamil olunmur (2-ci maddə aşağıda qeyd olunub). Belə ki, 1-ci maddənin 3-cü bəndi, heç də, ümumilikdə hüquq münasibətinin xarakterinə fərq qoyulmasını tamamilə inkar etmir.

Vyana Konvensiyasının 2-ci maddəsinə əsasən, Konvensiya aşağıdakı alqı-satqı münasibətlərinə şamil olunmur [18]:

a)      şəxsi, ailə, ev istifadəsi üçün malların əldə edilməsi; bu şərtlə ki, satıcı müqavilənn bağlanması zamanı və ya bundan əvvəl malların bu cür istifadə üçün əldə edildiyini bilməsin və ya bilməli olmasın;

b)      auksion satışı çərçivəsində malların əldə edilməsinə;

c)      icraat və ya qanunun tələbinə müvafiq olaraq malların alqı-satqısına;

d)     qiymətli kağızların, ödəniş vasitələrinin, pulların əldə edilməsi;

e)      hava və su nəqliyyatının, gəmi və təyyarələrin, hava yastıqlı nəqliyyatın əldə edilməsi;

f)       elektrik enerjisinin əldə edilməsi [16].

Konvensiyanın 2-ci maddəsinin a) bəndinə görə, əgər malların əldə edilməsi şəxsi, ailə, ev istifadəsi ilə bağlıdırsa, bu zaman Konvensiya tətbiq olunmur. Bu zaman malın alıcı tərəfindən real istifadəsindən daha çox alıcının müqavilə bağlanan andakı niyyəti əhəmiyyət kəsb edir. Misal üçün, istirahətə getmək məqsədilə avtomobilin alınması zamanı Konvensiya tətbiq olunmur. Konvensiya elektrik enerjisinin satışına şamil olunmasa da, məhkəmə təcrübəsində Konvensiya propan qazının satışına şamil olunmuşdur.

Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə görə, əgər, sifariş edən tərəf emal və ya istehsal üçün zəruri materialların əsas hissəsini təmin etməyi öhdəsinə götürmürsə (Konvensiyanın rusca mətnində bu öhdəsinə “götürmürsə” (не берет на себя), ingiliscə (undertake) və türkcə (taahhüt etmiş olsun) mətnlərdə isə “götürürsə” şəklində ifadə edilmişdir. Lakin, UNCİTRAL-ın Konvensiyanın 3-cü maddəsinin ingilis və rusca şərhlərində bu “götürmürsə” kimi şərh edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Konvensiya baxımından rus və ingilis dilləri bərabər autentik dillər hesab olunur, türk dili isə autentik dil sayılmır. Emal ediləcək və ya istehsal olunacaq malların göndərilməsinə dair müqavilələr alqı-satqı müqaviləsi sayılır. Bu müddəaya görə, Konvensiya istehsal olunan və ya emal edilən malların alqı-satqı müqavilələrinə tətbiq olunur. Buradan aydın olur ki, hazır malların alqı-satqı müqaviləsi kimi, belə malların da alqı-satqı müqaviləsi Konvensiyanın tətbiq sahəsinə daxildir. Bununla belə, Konvensiyanın bu müddəası məhdud xarakter daşıyır. Çünki, Konvensiyada həmin bənddəki “əsas hissə” anlayışına açıqlıq gətirilməyib (“əsas hissə” ifadəsinin qarşılığı olaraq ingilis dilində “substantial part”, rus dilində “существенный часть”, türk dilində isə “esaslı bir bölüm” ifadələri istifadə edilmişdir). 3-cü maddədə təmin edilən materialların “əsas hissə” sayılıb-sayılmamasını müəyyən edən xüsusi kriteriyalar müəyyən edilməyib. Məhkəmə təcrübəsində, bu baxımdan kəmiyyət meyarının istifadə olunması tövsiyyə olunur [44]. Digər bir məsələ də, “zəruri material” (“zəruri materiallar” ifadəsi Konvensiyanın ingiliscə mətnində “materials necessary”, rusca mətnində “материалов, необходимых”, türkcə mətnində isə “gerekli olan malzeme” şəklində ifadə olunmuşdur) ifadəsi ilə bağlıdır. Bu anlayış da Konvensiyada açıqlanmayıb.

Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndinə görə, malı göndərən tərəfin öhdəliyi əsasən (bu ifadə də, ingiliscə “preponderant”, rusca “основном”, türkcə “ağırlıklı olarak” şəklində ifadə edilmişdir) işin görülməsindən və ya digər xidmətlərin göstərilməsindən ibarət olan müqavilələrə bu Konvensiya tətbiq olunmur. Bu müddəaya görə, əgər bir müqavilədə həm malların göndərilməsi, həm də işlərin görülməsi və ya digər xidmətlərin göstərilməsi nəzərdə tutulubsa, bu zaman Konvensiyanın tətbiq edilməsi baxımından hansı öhdəliyin əsas təşkil etməsi həlledici rol oynayır. Əgər malların göndərilməsi müqavilədə əsas öhdəlikdirsə, onda bu müqavilə Konvensiya ilə tənzimlənir. Bu müddəa qarışıq öhdəliklərin nəzərdə tutulduğu müqavilələr baxımından mühüm əhəmiyyət kəsb edir. Qarışıq müqavilələrdə bəzən hansı öhdəliyin üstünlük təşkil etdiyini, əsas olduğunu müəyyən etmək mümkün olmur. Bunu müəyyən etmək üçün təcrübədə “iqtisadi dəyər” (əgər, bu öhdəliklər ayrı-ayrı müqavilələrdə tənzimlənsə idi, hansı müqavilənin iqtisadi dəyəri üstünlük təşkil edəcəkdisə, həmin öhdəlik əsas öhdəlik hesab olunmalıdır) meyarından istifadə edilir [14].

Vyana Konvensiyasının 4-cü maddəsinə görə, bu Konvensiya yalnız alqı-satqı müqaviləsinin bağlanmasını və bu müqavilədən meydana gələn alıcı və satıcının hüquq və öhdəliklərini tənzimləyir. Xüsusilə, Konvensiyada başqa hal nəzərdə tutulmayıbsa, Konvensiyaya aid deyil:

a)      müqavilənin və ya müqavilə müddəalarının və ya hər hansı adətin etibarlılığı;

b)      müqavilənin, satılan malların mülkiyyəti üzərində ola biləcək nəticələri.

4-cü maddədə Konvensiyanın tətbiq sahəsinə daxil olmayan münasibətlər göstərilsə də iki vacib məqamı vurğulamaq lazımdır. Birincisi, “başqa hal nəzərdə tutulmayıbsa” ifadəsindən məlum olur ki, Konvensiyada başqa hallar da nəzərdə tutula bilər. İkincisi, “xüsusilə” ifadəsindən bəlli olur ki, qeyd edilən halların siyahısı tam siyahını əks etdirmir, yəni, bu maddədə göstərilən hallar sadalama mahiyyəti daşıyır [12].

Vyana Konvensiyasının 5-ci maddəsinə görə, Konvensiya, satıcının, malların hər hansı bir şəxsin ölümünə və ya yaralanmasına səbəb olması ilə nəticələnən məsuliyyət daşıdığı hallara tətbiq olunmur. Uyğun gəlməyən mallarla əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbləri 5-ci maddə istisna etmir. Lakin, tələb irəli sürmək üçün alıcı uyğun gəlməmə barədə satıcını xəbərdar etməlidir [17].

Vyana Konvensiyasının 6-cı maddəsinə görə, tərəflər Konvensiyanın tətbiq olunmasını istisna edə bilər və ya 12-ci maddə qalmaq şərti ilə onun istənilən müddəasından geri çəkilə bilər və ya həmin müddəanın yarada biləcəyi nəticələri dəyişdirə bilərlər. Burada bir məsələyə diqqət yetirmək lazımdır ki, Konvensiyanın müəllifləri tərəfindən beynəlxalq alqı-satqı müqaviləsi ilə bağlı qaydaların birinci dərəcəli mənbəyi kimi tərəflərin muxtariyyəti prinsipi təsbit edilmişdir. Bununla da, Konvensiyanı tərtib edənlər tərəfindən onun qeyri-imperativ xarakteri açıq şəkildə tanınmışdır [15].

Vyana Konvensiyasının ikinci hissəsində alqı-satqı müqaviləsinin bağlanması qaydalarından bəhs edilir. Konvensiyanın 14-cü maddəsinə görə, müqavilənin bağlanması haqqında bir və ya birdən çox konkret şəxs(lər)ə ünvanlanan təklif kifayət qədər müəyyəndirsə və qəbul olunduğu halda bağlanma iradəsini ifadə edirsə oferta sayılır. Təklif, onda əmtəə göstərildiyi və birbaşa və ya dolayısı ilə miqdar və qiymət müəyyən edildiyi və ya müəyyən edilmə qaydası nəzərdə tutulduğu halda kifayət qədər müəyyən hesab olunur. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklif ofertaya dəvət sayılır.

Oferta ünvanlandığı şəxsə çatdığı an qüvvəyə minir. O, geri götürülən və geri götürülməyən ola bilər. Oferta geri götürülməyən mahiyyətdə olduğu halda belə, ofertanın geri götürülməsinə dair bildiriş ofertadan əvvəl və ya onun özü ilə eyni vaxtda çatdıqda geri götürülə bilər. Ofertanın aksepti qüvvəyə minən vaxt, yəni ofertant tərəfindən kommersiya müəssisəsi və ya yaşayış yerinə ünvanlanmış akseptin alındığı vaxt müqavilə bağlanmış sayılır.

Vyana Konvensiyasının üçüncü hissəsi malların alqı-satqısından bəhs edir. III hissənin I fəslində ümumi müddəalar müəyyən edilmişdir. Konvensiyanın 25-ci maddəsinə əsasən, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olur. Bu əsasla tərəflərdən biri müqavilənin ləğv olunması barədə digərinə bildiriş vasitəsilə xəbər verə bilər. Konvensiya müqavilənin mühüm pozulma faktına görə (ipso facto avoidance), 1964-cü il Haaqa Konvensiyasında olduğu kimi (26, 30-cu maddələr), onun avtomatik ləğv olunmasını nəzərdə tutmur, çünki belə imkan tərəflərin həqiqi müqavilənin mövcudluğu faktı barədə anlayışının qeyri-müəyyənliyinə səbəb ola bilərdi [2, s. 436].

Vyana Konvensiyasının III hissəsinin II fəslində satıcının öhdəlikləri müəyyən edilmişdir. 30-cu maddəyə  əsasən, satıcı müqavilənin və Konvensiyanın tələblərinə uyğun olaraq malı təhvil vermək, ona aid bütün sənədləri vermək və əmtəə üzərində mülkiyyət hüququnu keçirmək öhdəliyini daşıyır. Əgər satıcı malları hər hansı müəyyən yerdə təhvil verməyi öhdəsinə götürməyibsə, onun təhvil vermə öhdəliyi aşağıdakılardan ibarətdir:

-          əgər alqı-satqı müqaviləsi malların daşınmasını nəzərdə tutursa, malları alıcıya çatdırılması üçün birinci daşıyıcıya vermək;

-          əvvəlki bəndin tətbiq sahəsinə daxil olmayan hallarda; müqavilənin fərdi-müəyyən mallara, müəyyən bir ehtiyatdan veriləcək növünə görə müəyyən edilmiş mallara və ya emal olunacaq və ya istehsal ediləcək mallara aid olması və tərəflərin müqavilənin bağlandığı an malların müəyyən bir yerdə olduğunu və ya orada emal olunacağını və ya istehsal ediləcəyini bilmələri halında malları bu yerdə alıcının sərəncamına hazır vəziyyətdə saxlamaq;

-          digər hallarda, müqavilənin bağlandığı an satıcının kommersiya müəssisəsinin olduğu yerdə malları alıcının sərəncamına hazır vəziyyətdə saxlamaq.

Vyana Konvensiyasının 32-ci maddəsinə görə, müqaviləyə və ya Konvensiyaya uyğun olaraq satıcı malları daşıyıcıya verirsə və əgər mallar işarələnməklə, daşıma sənədləri ilə və ya hər hansı digər şəkildə dəqiq müəyyən edilə bilmirsə, satıcı malları göndərməsi barədə alıcını xəbərdar etməli və malları dəqiq müəyyən etməlidir. Əgər satıcı malların daşınmasını təmin etməyi öhdəsinə götürmüşsə, malların təyinat yerinə qədər daşınması üçün tələb olunan nəqliyyat vasitələri ilə və belə daşımanın normal şərtlərinə uyğun şəkildə həyata keçirilməsi üçün zəruri olan müqavilələri bağlamalıdır. Əgər satıcı, malların daşınması ilə əlaqədar malları sığortalamaq öhdəliyini daşımırsa, o, alıcının tələbinə əsasən onun belə bir sığortanı həyata keçirməsi üçün ehtiyac duyacağı onda olan bütün məlumatları alıcıya bildirməlidir.

Satıcı malları çatdırmalıdır:

-          əgər tarix müqavilə ilə müəyyən edilmişdirsə və ya müqaviləyə əsasən müəyyən edilə bilən tarix varsa – həmin tarixdə;

-          əgər müqavilə ilə müəyyən edilmiş və ya müqaviləyə əsasən müəyyən edilə bilən vaxt dövrü varsa, öhdəliyin mahiyyətindən tarixi alıcının müəyyən etməli olduğu irəli gəlmirsə, bu vaxt dövrü ərzində istənilən anda;

-          digər bütün hallarda, müqavilənin bağlanmasından etibarən ağlabatan müddət ərzində.

Əgər satıcı mala aid olan bütün sənədləri verməyi öhdəsinə götürübsə, o, bu öhdəliyini müqavilədə nəzərdə tutulan vaxtda, yerdə və şəkildə yerinə yetirməlidir. Əgər satıcı sənədləri müqavilədə nəzərdə tutulduğundan əvvəl veribsə, o, sənədlərin verilməsi üçün nəzərdə tutulan ana qədər, sənədlərdəki bütün çatışmazlıqları müqaviləyə uyğun  düzəltmək hüququna malikdir, bu şərtlə ki, bu hüquqdan istifadə alıcı üçün lüzumsuz narahatlığa və tənasübsüz xərclərə yol açmasın. Buna baxmayaraq, alıcı bu Konvensiyaya uyğun olaraq vurulmuş zərərin əvəzinin ödənilməsi hüququnu özündə saxlayır.

Vyana Konvensiyasının III hissəsinin III fəslində alıcının öhdəliklərindən bəhs olunur. Konvensiyanın 53-cü maddəsinə əsasən alıcı müqavilənin şərtlərinə və Konvensiyaya müvafiq olaraq malı qəbul etməli və onun qiymətini ödəməlidir. Əgər malın qiyməti onun çəkisindən asılı olaraq müəyyən edilmişdirsə, şübhə halında malın qiyməti onun xalis çəkisi (netto) əsas götürülməklə müəyyən edilir. Konvensiyanın 57-ci maddəsinə uyğun olaraq, əgər alıcı malın qiymətini hər hansı bir müəyyən yerdə ödəməyi öhdəsinə götürməyibsə, bunu satıcıya:

-          onun kommersiya müəssisəsinin yerləşdiyi yerdə; və ya

-          əgər ödənişin həyata keçirilməsi qarşılıqlı olaraq malların və ya sənədlərin verilməsi ilə şərtləşdirilmişdirsə, onların verilmə yerində; ödəməlidir.

Müqavilənin bağlanmasından sonra satıcının kommersiya müəssisəsinin yerləşdiyi yerin dəyişməsindən qaynaqlanan malın qiymətinin ödənişi ilə əlaqədar əlavə xərclər satıcının üzərinə düşür.

Vyana Konvensiyasının 60-cı maddəsinə görə, alıcının malları təhvil alma öhdəliyi  satıcının malların verilməsini təmin etmək üçün alıcının öz tərəfindən zəruri olan hərəkətləri etməyi və malları qəbul etməyi ehtiva edir.

Malların qiymətinin ödənilməsi zamanı alıcı eyni zamanda malların məhv olma və zədələnmə riskinin keçməsi şərtini də nəzərə almalıdır. Malların məhv olma və zədələnmə riskinin alıcıya keçməsindən sonra belə bir hal baş verərsə, bu zaman alıcı malın qiymətini ödəmək öhdəliyindən azad olmur. Bu halda riskin satıcıdan alıcıya keçmə məqamının müəyyən edilməsi əhəmiyyətə malikdir. Misal üçün, müqavilədə malın daşınması şərtləri olduqda malların təsadüfən məhv olma və zədələnmə riski malın alıcı üçün ilkin daşıyıcıya verildiyi zaman müəyyən olunur.

1980-ci il Vyana Konvensiyası və Kommersiya müqavilələrinin beynəlxalq Prinsiplərinin (UNİDRUA) zərər haqqında normalarının müddəaları bir-birindən önəmli dərəcədə fərqlənmir və ancaq maddi zərərin ödənilməsini nəzərdə tutur. Vyana Konvensiyasının 74-cü, Prinsiplərin 7.4.2-ci maddələrində deyilir ki, müqavilənin pozulması nəticəsində dəymiş zərər zərərçəkmiş tərəfə tam həcmdə kompensasiya edilməlidir. Bu zərərə hər cür itkilər və əldən çıxmış faydalar daxildir. Zərərin ödənilməsinin kompensasiya dərəcəsi zərərçəkmişin varlanmasının yolverilməzliyi ilə müəyyən olunur. Zərərin ödənilməsi müqaviləni pozmuş  tərəfin baş verə biləcək zərəri qabaqcadan görmək dərəcəsi və sığortalanma yolu ilə onun baş verməs riskinin aradan qaldırılması imkanı ilə bağlıdır. Bunlardan kənarda qalan zərər ödənilmir. Müqavilənin pozulması, xitam olunması və ya ondan imtina edilməsi hallarında ödənilməli zərər 1) konret üsul; 2) abstrakt üsul olmaqla iki üsulla hesablanır. Konvensiyanın 75-ci, Prinsiplərin 7.4.5-ci maddələrinə əsasən konkret üsul əvəz edilmiş əqd əsasında zərərin hesablanmasıdır. Yəni zərər müqavilə qiyməti ilə icra edilməmiş əqdin  əvəzinə bağlanmış əqdin qiyməti arasındakı fərql müəyyən olunur. Konvensiyanın 76-cı, Prinsiplərin 7.4.6-cı maddələri isə abstrakt üsulu əqdi əvəz etmək mümkün olmadıqda cari qiymətlərlə zərərin ödənilməsi kimi izah edir. Prinsiplərin 7.4.3-cü maddəsinə əsasən əldən çıxmış fayda o zaman ödənilir ki, o, ağlabatan dəqiqliklə (gerçəkliklə) müəyyən edilsin. Bu, ingilis-amerikan hüququndan götürülmüş meyardır, onun isə kökü Fransa Mülki Məcəlləsinin 1150-ci maddəsinə gedib çıxır [3, s.163].

Qeyd edildiyi kimi, alqı-satqı münasibətləri ilə bağlı normalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Xüsusi Hissəsinin “Müqavilələrdən Əmələ Gələn Öhdəliklər” adlanan yeddinci bölməsinin 29-cu fəsli, 567-ci – 654-cü maddələri ilə əhatə olunur. Azərbaycan Respublikası 1980-ci il Vyana Konvensiyasının iştirakçısı olmasa da onun daxili hüquq sistemində alqı-satqı ilə bağlı olan normalar əsasən Vyana Konvensiyasında öz əksini tapmış maddi hüquq normaları ilə eyniyyət təşkil edir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1980-ci il Vyana Konvensiyası ilə qarşılıqlı müqayisə və təhlil edərək oxşar və fərqli normaların müəyyən edilməsində fayda vardır. Mülki Məcəllənin 567, 568, 569, 570, 571, 596, 597–ci maddələrində nəzərdə tutulmuş satıcının əşyanı, onun ləvazimatını, ona aid olan bütün sənədləri alıcıya vermək öhdəliyi, alıcının əşyanı qəbul edib onun qiymətini ödəmək öhdəliyi, əşyanın təsadüfən məhv olması və zədələnməsi riskinin alıcıya keçməsi ilə əlaqədar olan normalar Vyana Konvensiyasının da 30, 31, 32, 33, 53, 54, 60-cı maddələrində öz əksini tapmışdır. Lakin, qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 571-ci maddəsində nəzərdə tutulan əşyanın təsadüfən məhv olması və təsadüfən zədələnməsi riskinin alıcıya keçməsi ilə bağlı müddəa Vyana Konvensiyasında daha geniş şəkildə tənzimlənmişdir. Belə ki, Mülki Məcəllənin 571-ci maddəsinə görə, “əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alqı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alqı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. Əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin malın birinci daşıyıcıya təhvil verildiyi andan alıcıya keçməsi barədə müqavilə şərti alıcının tələbi ilə məhkəmə tərəfindən o halda etibarsız sayıla bilər ki, müqavilənin bağlandığı anda satıcı əşyanın itirildiyini və ya zədələndiyini bilirdi və ya bilməli idi, lakin bu barədə alıcıya məlumat verməmişdir”. Burada bir məsələyə toxunmaq lazımdır. Eyni maddənin tərkibində eyni termin fərqli ifadələrlə istifadə olunmuşdur. 571-ci maddənin 1-ci bəndində “məhv olma və zədələnmə riski” ifadəsi, 3-cü bənddə isə “itirilmə və zədələnmə” ifadəsindən istifadə edilmişdir. Vyana Konvensiyasının rusca və ingiliscə mətnlərində müvafiq olaraq “утрата или повреждение” və “loss of or damage” ifadələri işlədilmişdir ki, bu ifadələr də “itirilmə və zədələnmə” kimi tərcümə olunmalıdır. Vyana Konvensiyasının 66-cı maddəsinə görə, riskin alıcıya keçməsindən sonra malların itirilməsi və ya zədələnməsi alıcını malın qiymətini ödəmək öhdəliyindən azad etmir, bu şərtlə ki, malın itirilməsi və ya zədələnməsi satıcının hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsin. Konvensiyanın 67-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsi malların daşınmasını nəzərdə tutursa və satıcı hər hansı bir müəyyən yerdə malı alıcıya verməyi öhdəsinə götürməmişdirsə, risk alqı-satqı müqaviləsinə uyğun olaraq alıcıya çatdırılması üçün birinci daşıyıcıya təhvil verildiyi andan keçir. Əgər satıcı hər hansı bir müəyyən yerdə malı daşıyıcıya verməyi öhdəsinə götürübsə, risk maln həmin yerdə daşıyıcıya təhvil verilməyənədək alıcıya keçmir. Satıcının malları təmsil edən sənədləri özündə saxlamaq hüququ olsa belə bu hal riskin keçməsinə təsir göstərmir. Buna baxmayaraq, əgər mal müqavilənin məqsədləri üçün nişanlama yolu ilə, daşınma sənədləri ilə, alıcıya bildiriş verilmək yolu ilə və digər üsullarla eyniləşdirilməyibsə, risk alıcıya keçmir. Vyana Konvensiyasının 68-ci maddəsinə əsasən, daşınma zamanı satılan mallarla əlaqədar risk (MM, 571-ci maddəsində yolda olduğu vaxt satılmış əşya) alqı-satqı müqaviləsinin bağlandığı andan etibarən alıcıya keçir. Bununla belə, şəraitdən irəli gəldiyi hallarda, alıcı daşıma müqaviləsini təsdiq edən sənədləri veribsə malın daşıyıcıya verildiyi andan riski öz üzərinə götürür. Buna baxmayaraq, əgər müqavilə bağlandığı anda satıcı malların itirildiyini və ya zədələndiyini bilirdisə və ya bilməli idisə və bu barədə alıcıya məlumat verməmişdirsə, malların itirilməsi və zədələnməsi riski satıcının üzərinə düşür. Konvensiyanın 67 və 68-ci maddələri ilə ehtiva olunmayan hallarda, risk alıcının malları təhvil aldığı anda və ya malları vaxtında təhvil almadığı hallarda, malın alıcının ixtiyarına verilməyə hazır olduğu və alıcının malı təhvil almayaraq müqaviləyə zidd davrandığı andan etibarən alıcıya keçir. Lakin, alıcının, satıcının kommersiya müəssisəsindən fərqli bir yerdə malı təhvil almasının müqavilədə nəzərdə tutulduğu hallarda, risk təhvil vermə öhdəliyinin icra vaxtının çatdığı və alıcının, o yerdə malların onun sərəncamına verilməyə hazır olduğundan xəbərdar olduğu anda keçir. Müqavilənin hələ eyniləşdirilməmiş mallarla əlaqədar olması halında, malların müqavilədə nəzərdə tutulmuş qaydada eyniləşdirildiyi ana qədər alıcının sərəncamına verilmiş sayılmır.

İstifadə olunan ədəbiyyat:

  1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Hüquq ədəbiyyatı” nəşriyyatı, Bakı, 2006, 776 s.
  2. Əliyev Ə. İ., Beynəlxalq xüsusi hüquq, Dərslik, Tərcümə, Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2007. 952 s.
  3. Hacıbəyli Ə. B. Mülki Məcəllə: müzakirələr, mülahizələr. Qoliaf nəşriyyat evi, Bakı 2009, 304 s.
  4. Qafarov Z., Əbilov A. Beynəlxalq xüsusi hüquq, Bakı, “Qanun” nəşriyyatı, 2007, 392 s.
  5. Международное частное право: Учебник, Под редакцией Г. К. Дмитриевой, 2-е издание, переработанное и дополненное, “Проспект”, Москва, 2004. 688 c.
  6. Функ Я. И., Книга 1, Универсальная международно-правовая унификация купли-продажи товаров, Минск, “Дикта”, 2005, 282 c.
  7. James M. Klotz, International sales agreements: an annotated drafting and negotiating guide Kluwer Law International, 2008, 434 s.
  8. http://cisgw3.law.pace.edu/cisg/text/treaty.html
  9. http://en.wikipedia.org/wiki/United_Nations_Convention_on_Contracts_for_the_International_Sale_of_Goods
  10. http://www.cisg.ru/content/cisg_text.php?id=1#uncitral
  11. http://www.cisg.ru/content/cisg_text.php?id=3#uncitral
  12. http://www.cisg.ru/content/cisg_text.php?id=4#uncitral
  13. http://www.e-qanun.az (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Normativ hüquqi aktların vahid internet elektron bazası)
  14. http://www.uncitral.org/pdf/english/clout/digest2008/article003.pdf
  15. http://www.uncitral.org/pdf/english/clout/digest2008/article006.pdf
  16. http://www.uncitral.org/pdf/russian/clout/digest2008/article002.pdf
  17. http://www.uncitral.org/pdf/russian/clout/digest2008/article005.pdf
  18. http://www.uncitral.org/pdf/russian/texts/sales/cisg/CISG_Expl_Note_r.pdf
  19. http://www.unicankara.org.tr/doc_pdf/milletlerarasi_mal_satimina_iliskin_sozlesmeler.pdf

Müəllif: Remedium Hüquq Mərkəzinin həmtəsisçisi, Fuad Qəşəmov

Comments:

 

News

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

There are no translations available.Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə e...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

There are no translations available.“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Reme...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

There are no translations available. Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Kli...

News

21.11.2014

CPM-ə Edilən Dəyişikliklər Mövcud Praktikanı Dəyişir.

There are no translations available.Son günlər ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə e...

30.09.2014

FIDIC Müqavilələri və onların əsas xüsusiyyətləri mövzusunda iki günlük təlim keçirildi.

There are no translations available.“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”İctimai Birliyi ilə Reme...

28.08.2014

Remedium HM-nın həmtəsisçisi və Remedium HK-nın koordinatoru vəkil adını qazandılar.

There are no translations available. Remedium Hüquq Mərkəzinin həmtəsisçisi Fuad Qəşəmov və Remedium Hüquq Kli...

06.05.2014

İxtisar aparılan müəssisədə işçilərin hüquqları

There are no translations available.Remedium Hüquq Mərkəzinin sədri Əli Əliyev Huquq.tv-də "Müəssisədə işçiləri...